
“BarKamp Azərbaycan 2008” qeyri-konfransına qeydiyyatın başlaması ilə əlaqədar olaraq Ria Novosti İnformasiya agentliyinin konfrans zalında 25 iyulda mətbuat konfransı keçirildi. Mətbuat konfransı “BarKamp Azərbaycan 2008” qeyri-Konfransının Azərbaycandakı təşkilatçıları tərəfindən keçirilmişdir.
29-31 avqust tarixlərində, Lənkəranda keçiriləcək bu qeyri-konfransın əsas məqsədi Azərbaycanda yeni İnternet və Müasir Media layihələrinin inkişafını stimullaşdırmaq, gənc eləcə də təcrübəli İT, Müasir Media mütəxəssisləri arasında təcrübə mübadiləsini, son internet texnologiyaların tətbiqinə təkan vermək, bu sahələrdəki problemlərin, inkişaf perspektivlərinin müzakirəsini təşkil etməkdir. Bu qeyri-konfransda İT-nin və Müasir Medianın müxtəlif istiqamətlərindən olan 160-180 yerli mütəxəssisin və bu sahə ilə yaxından maraqlananların, eləcə də xarici ekspertlərin iştirakı da gözlənilir.
Layihə koordinatoru İlqar Mirzə konfransın proqramı haqqında danışarkən qeyd etdi ki, tədbir çərçivəsində 40-a yaxın təqdimat olacaq, iştirakçılar arasında əməkdaşlıq yarmarkası keçiriləcək, eləcə də müxtəlif layihələrin inkişafı üçün kiçik qrandlar təşkil olunacaq.
Konfransda İT sahəsində olan gənc mütəxəssislər üçün yaranan əlverişli şəraitdən danışıldı. Belə ki, onlar bu konfrans sayəsində öz layihələrini, təqdimatlarını (mühazirələr, hesabatlar, master-klaslar, çıxışlar, diskussiyalar və s.) heç bir məhdudiyyət olmadan təqdim edə bilərlər. Layihə üzrə Baş eskpert Vahid Qasımov öz çıxışında onu da qeyd etdi ki, “BarKamp” formatı indiyədək gördüyümüz ənənəvi konfranslardan kifayət qədər fərqlidir. Burada hər bir iştirakçı həmçinin təşkilatçıdır – hamı bu konfransın təşkilinə öz tövhəsini verə bilər. Eləcə də, təqdimatların proqramı əvvəlcədən tərtib olunmayan bu konfransda hər bir iştirakçı öz mövzusu ilə çıxış etməkdə sərbəstdir.
“BarKamp Azərbaycan 2008”-in texniki işlər üzrə koordinatoru Rəşad Əliyev: “29-31 avqustda Lənkəranda keçiriləcək qeyri-konfransda iştirak etmək istəyənlər konfransın rəsmi saytı olan www.barcamp.az -da
qeydiyyatdan keçməlidir. BarKamp olaraq biz Əməkdaşlıq Yarmarkasına investorların və fondların cəlb olunması üzərində də işləyirik”.
“BarKamp Azərbaycan 2008”-ə bir çox qurumlar dəstək verirlər və bu siyahı getdikcə genişlənir. Artıq Soros fondu, Gənclər İdman Nazirliyi və Azərbaycan İnternet İnkişafı Forumu konfransa dəstək verirlər. Bundan əlavə, İKT İnformasiya Mərkəzi və bir çox saytlar da konfransın təşkilinə informasiya dəstəyi verərlər.
Onu da qeyd etmək lazımdır ki, “BarCamp” qeyri-konfranslar hərəkatı 2005-ci ildə ABŞ-da yaranmışdır və hal-hazırda demək olar ki, bütün Dünyada keçirilir. Ətraflı məlumat üçün www.barcamp.az saytına, eləcə də Barkamp hərəkatının qlobal saytına www.barcamp.org müraciət edə bilərsiniz.